Makro(n)riyakar | TƏHLİL

// Monya yalnız “axsaq ördək” yox, həm də məntiqi axsayan siyasətçidir

 Makro(n)riyakar | TƏHLİL
  19 İyul 2024    Oxunub:1698
Avropa Siyasi Birliyinin (ASB) Böyük Britaniyanın paytaxtında keçirilən dördüncü qeyri-rəsmi Zirvə görüşündə Ermənistanın baş naziri Azərbaycan prezidenti ilə görüşdən imtina edib. Rəsmi Bakı bunu İrəvanın sülh sazişinin imzalanması ətrafında aparılan danışıqlarda geri atılan addım kimi qiymətləndirib.
Avropa Siyasi Birliyi (ASB) nəyə xidmət etməlidir

ASB-nin yaradılması təşəbüsü Fransanın Avropa İttifaqına sədrliyi dövründə prezident Emmanuel Makron tərəfindən 2022-ci ilin may ayında irəli sürülüb.

Bu layihənin məqsədi bütün Avropa ölkələrinin siyasətinin əlaqələndirilməsi üçün platforma təmin etmək, xüsusilə Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirmək üçün ümumi maraq doğuran məsələlərin həllində siyasi dialoqun və əməkdaşlığın təşviqidir. ASB-yə Böyük Britaniya, Azərbaycan, İslandiya, Ukrayna və Moldova, Türkiyə, Gürcüstan və Ermənistan kimi Aİ-nin üzvü olmayan ölkələr də daxildir.

Avropa Şurasının prezidenti Şarl Mişel və Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə Birliyin 2022-ci ilin mayında Praqada keçirilən ilk sammitində Ermənistanın baş naziri keçmiş Dağlıq Qarabağ regionunu rəsmi olaraq Azərbaycanın tərkib hissəsi kimi tanıdı. Bundan sonra Azərbaycan və Ermənistan liderlərinin ASB sammitlərində danışıqları isə ənənə halını aldı.

2023-cü ilin iyununda ASB-nin Kişinyovda keçirilən 2-ci sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Almaniya kansleri Olaf Şolzun iştirakı ilə Ermənistanın baş naziri Paşinyanla bir də görüşdü.

Lakin 2023-cü ilin oktyabrında ASB-nin Qranadadakı növbəti sammitində Azərbaycan Prezidenti Ermənistanın baş naziri ilə görüşməkdən imtina etdi. Belə ki, rəsmi İrəvan bu görüşdə Fransa prezidentinin də iştirak etməsində israrlı idi.

Beləliklə də, Fransanın prezidenti Emmanuel Makronun ASB-ni əsas məramlardan uzaqlaşadıraraq, onu bir növ Parisin vasitəçilik pıatformasına çevirmək cəhdinin konturları aydınlaşmağa başladı. Bu müstəvidə İrəvan-Paris cütlüyünün eyni mövqedən çıxış etdiyi açıq-aşkar ortaya qoyuldu.

Yeri gəlmişkən, postmünaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi və sülh müqaviləsi ətrafında danışıqların səmərəliliyinin artırılması məqsədi ilə yaradılmış Brüssel paltforması çərçivəsində də məhz Emmanuel Makronun təxribatçı siyasəti ucbatından heç bir irəliləyiş əldə olunmadı. Bu məsələdə Ermənistan can-başla Makronun əlaltısı rolunda çıxış edirdi.

Londonda Makron özünü tam ifşa etdi

ASB-nin Londonda keçirilən 4-cü sammitində Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında görüş barədə təklifin məhz Böyük Britaniyanın yeni baş naziri Kir Starmer tərəfindən verilməsi bu görüşdə onun da iştirakının nəzərdə tutulduğu ehtimalını yaradır. Amma, görünür, yenə də öz təxribatçı havasını çalan Makronun təkidi ilə Nikol Paşinyan İlham Əliyevlə görüşdən imtina edib. Makronun səbatzsız siyasəti nəticəsində həm Brüssel platformasının, demək olar ki, iflasa uğraması, həm də Fransanın və şəxsən onun prezidentinin Cənubi Qafqazda bütün konstruktiv təşəbbüslərin pozucusu (spoiler) rolunda çıxış etməsi Londonda Paşinyanın Azərbaycan prezidenti ilə görüşdən boyun qaçırması kimi hallarla nəticələnir.

Bunun məhz belə olduğunu Nikol Paşinyanın böyük həvəslə Emmanuel Makronla görüşməsi və Fransa prezidentinin Azərbaycanla bağlı növbəti qərəzli açıqlamaları sübuta yetirir.

“Son onilliyə nəzər saldıqda, deyəsən, Azərbaycan Ermənistandan qat-qat çox silahlanıb. Yaddaşım məni aldatmırsa, səhv edirəmsə məni düzəldərsiniz, Azərbaycan həqiqətən 2020-ci ildə müharibəyə, özü də və çox dəhşətli müharibəyə başlayıb. Ermənistanı silahlandırmaya gəldikdə isə, bu, təbii haldır. İki suveren ölkə müdafiə sahəsində əməkdaşlıq edir. Hansısa bir dövlətin özünü silahlandırması normal haldır”, - tədbir çərçivəsində keçirdiyi mətbuat konfransında azərbaycanlı jurnalistlərin Fransanın Ermənistanı silahlandırması ilə bağlı suallarına Makron belə cvab verib.

Əslində ifrat ermənipərəst mövqeyi ilə seçilən Emmanuel Makrondan başqa cavab gözləməyin özü də yəqin ki, sadəlöhlük olardı. Belə ki, hətta rəsmi İrəvan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığı halda Makronun Ermənistanı silahlandıraraq regionda yeni müharibəni alovlandırmağa təhrik etmək cəhdləri onun hansı əqidənin, daha doörusu əqidəsizliyin sahibi olduğundan xəbər verir. Digər tərəfdən, Fransanın erməni icması ilə görüşü zamanı Azərbaycanın Qarabağ bölgəsində əvvəllər mövcud olmuş separatçı rejimin qalıqlarının hüquqlarını İrəvandan daha çox müdafiə etdiyini söyləyən Makrondan başqa cavab eşitmək mümkündürmü? Sözsüz ki, yox.

Lakin Makronun, özü də yalnız onun yox, həm də bəzilərinin korşalmış yaddaşını yeniləməyə və bilərəkdən etdiyi “səhvlər”ini göstərməyə həqiqətən də böyük ehtiyac duyulur.

Bəli, Azərbaycan 2020-ci il sentyabr ayının sonlarında 30 ildən çox işğal altında olan ərazilərinin azad edilməsi uğrunda İkinci Qarabağ savaşına başladı. Amma onda hərbi əməliyyatlar Ermənistanın təmas xəttində törətdiyi növbəti silahlı təxribata və yaranmış eskalasiyaya cavab nəticəsində qızışdı. Bundan əlavə, əgər Fransa da daxil olmaqla Minsk qrupunun həmsədr dövlətləri bilavasitə özlərinin də qəbul etdikləri BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnamələrinin və ATƏT-in qərarlarının icrası üçün İrəvana lazımi təzyiqləri gəstərsəydilər nə Ermənistanın təmas xəttində və sərhəddə silahlı təxribatları, nə də İkinci Qarabağ savaşı olardı.

Ən maraqlısı isə odur ki, 30 il ərzində məhz Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxladığını bir dəfə də dilinə gətirməyən Fransanın prezidenti Emmanuel Makron 2020-ci ildə Azərbaycanın Ermənistana qarşı müharibəyə başladığını iddia edir. Belədə məntiqli sual yaranır: “Əgər Ermənistanın həmin ərazilərdə hərbi-siyasi mövcudluğu yox idisə, Azərbaycan özünün beynəlxalq səviyyədə tanınan ərazilərində Ermənistana qarşı necə müharibə apara bilərdi? Yox əgər bu mövcudluq varsa, Ermənistan və onun Fransa kimi havadarları belə kazusu nə ilə izah edə bilərlər? Bu işğal deyilsə, bəs nədir?”.

Digər tərəfdən, Qarabağdakı keçmiş separatçı rejimin qalıqlarının hüquqlarını rəsmi İrəvandan artıq müdafiə etməsi ilə öyünən Makron, ən azı görüntü xatirinə, heç bir dəfə də olsun Ermənistandan qovulmuş, hətta öz doğma ölkəsində erməni silahlı bölmələri tərəfindən soyqırıma məruz qalmış və yurd-yuvasından didərgin salınmış bir milyondan artıq azərbaycanlının taleyindən narahatlıq izhar etməyib.

Ermənistanın, yoxsa Azərbaycanın daha çox silahlanması məsələsinə gəldikdə isə, Makron növbəti sadəlöhv-hiyləgər gedişə əl atır. Belə ki, Ermənistandan fərqli olaraq, heç bir ölkəyə qarşı ərazi iddiaları irəli sürməyən, təcavüzkar siyasət aparmayan və revanşizm hikkəsi ilə alışıb-yanmayan Azərbaycanın silahlanması müstəsna halda qüdrətli Müdafiə ordusunun formalaşmasına yönəlib. Özü də bu silahlanmanı Azərbayca öz vəsaiti hesabına və Avropada konvensional (adi) silahlar üzrə Müqavilənin şərtlərini pozmadan aparır.

Amma tarixən bütün həmsərhəd dövlətlərə açıq və latent ərazi iddiaları olan, təcavcüzkar siyasət yürüdən və rehanşist niyyətlərini gizlətməyən Ermənistan isə xarici havadarlarının ona gen-bol ayırdıqları ianələr və qrantlar hesabına silahlandırılır. Həmin havadarlar isə guya demokratik təsisatların və vətəndaş cəmiyyətinin inkişafı üçün ayrılan pulların İrəvanın silahlanmaya xərclədiyini gözardı edirlər. Yeri gəlmişkən, 1988-ci ilin dekabrında Ermənistanın Spitak şəhərində yaşanan dəhşətli zəlzələdən sonra humanitar yardım adı altında təyyarələrlə Ermənistana Fransa da daxil olmaqla bir sıra Qərb ölklərindən, habelə Yaxın Şərqdən tonlarla silah-sursatın göndərildiyi barədə danılmaz faktlar mövcuddur. Bu baxımdan, Makronun Ermənistanı silahlandırmaq siyasətinə haqq qazandırmaq cəhdi orijinallığı ilə seçilmir. Çünki, Makron, sadəcə, öz sələflərinin ermənilərlə bağlı yüzilliklər boyu apardıqları siyasəti davam etdirir.

Amma fərq ondadır ki, özünü Azərbaycan-Ermənistan sülh prosesinə zor-xoş sırımağa çalışan Makron bunu əsl diletant kimi həyata keçirir. Razılaşın ki, bir tərəfdən Azərbaycanla Ermənistanın tezliklə sülh sazişi imzalamaq istəklərini alqışladığını bildirən Makronun, digər tərəfdən Ermənistanı silahlandırmaqla heç bir qəbahət işlətmədiyini iddia etməsi onun sağlam məntiqdən çox uzaq olduğundan xəbər verir.

Lideri olduğu “İntibah (Dirçəliş)” partiyasının Avropa Parlamentinə və Fransa parlamentinin aşağı palatasına keçirilən seçkilərdə rüsvayçı məğlubiyyətindən sonra Emmanuel Makronu artıq “axsaq ördək” adlandırırlar. Amma Londonda səsləndirdiyi “müdrik” kəlamlar sübut edir ki, Makron həm də məntiqi axsayan “siyasətçi”dir.

Sahil İsgəndərov, politoloq
AzVision.az


Teqlər: London   Makron   riyakarlıq  





Xəbər lenti